BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hollivudu böhrandan çıxarmaq və kino istehsalını ölkəyə qaytarmaq məqsədilə kino və televiziya sənayesi üçün federal vergi güzəştlərinin tətbiqinə çağırıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti respublikaçıları və demokratları kino, televiziya və əyləncə sənayesinin dəstəklənməsi üçün birgə qanunvericilik təşəbbüsü hazırlamağa çağırıb.

“Mən respublikaçılara və demokratlara birləşərək Amerikanın kino, televiziya və əyləncə sənayesini xilas edəcək qanunvericiliyi dərhal hazırlamağı təklif edəcəyəm. Konqres Amerikada əyləncə sənayesində iş yerlərinin yaradılması üçün kino istehsalına federal təşviqləri dərhal təsdiqləməlidir”, - Tramp bildirib.

Onun sözlərinə görə, kino və televiziya istehsalının əhəmiyyətli hissəsi Kanada və digər ölkələrə köçüb, nəticədə ABŞ-də bu sahədə iş imkanları kəskin azalıb.

Tramp Hollivudda yaranmış mövcud vəziyyəti “tam fəlakət” adlandırıb.