BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ-nin quru qoşunları naziri Daniel Driskoll bir neçə ay davam edən fikir ayrılıqlarından sonra istefa ərizəsi təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, Driskollun Pentaqon rəhbəri Pit Heqsetlə bir sıra məsələlərdə fikir ayrılığı yaşadığı bildirilir. Onun yaxın günlərdə Pentaqonu tərk edəcəyi gözlənilir.

Ağ Evin sözçüsü Anna Kelli Driskollun ABŞ Prezidenti Donald Trampın gündəliyinin həyata keçirilməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Driskoll tarixi hərbi əməliyyatlar zamanı liderlik nümayiş etdirib, quru qoşunlarının döyüş hazırlığının gücləndirilməsinə çalışıb və Rusiya ilə Ukrayna arasında danışıqlara yardım göstərib.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Tramp Driskollu Ukrayna münaqişəsinin nizamlanması üzrə nümayəndə heyətinə daxil edib. O, 2026-cı ilin fevralında Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda da iştirak edib.