BAKI, 29 avqust. TELEQRAF
ABŞ-nin paytaxtı Vaşinqtonda minlərlə insan Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirib.
Teleqraf xəbər verir ki, “Vaşinqtona yürüş: 2026. Səsvermə hüququnu qoruyaq” şüarı altında keçirilən aksiyaya bir neçə min nəfər qatılıb.
Etirazçılar səhər saatlarından ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun memorialı qarşısında toplaşıblar. Aksiya 1963-cü ildə keçirilmiş tarixi “İş yerləri və azadlıq uğrunda Vaşinqtona yürüş”ün 63-cü ildönümünə həsr olunub. Məhz həmin yürüş zamanı amerikalı hüquq müdafiəçisi Martin Lüter Kinq məşhur “Mənim bir arzum var” nitqini söyləyib.
Aksiyada həmkarlar ittifaqlarının üzvləri, tələbələr və afroamerikalı ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Müstəqil senator Berni Sanders çıxışında vətəndaş və iqtisadi hüquqlar uğrunda mübarizə arasında paralel apararaq iştirakçıları birliyə çağırıb. O, seçki və əmək hüquqları, gəlir bərabərsizliyi, seçki kampaniyalarının maliyyələşdirilməsi və tibbi xidmətlərin əlçatanlığı ilə bağlı problemlərə diqqət çəkib.
Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris isə Demokratlar Partiyasının Konqresin hər iki palatasında nəzarəti geri qaytarmalı olduğunu bildirib.
Günortadan sonra bir neçə min aksiya iştirakçısı Milli Mall boyunca Martin Lüter Kinq memorialına doğru yürüş edib.
Etirazçılar Tramp və onun siyasəti əleyhinə şüarlar səsləndirib, “Tramp, seçkilərdən əlini çək!”, “Bu prezident bizə layiq deyil”, “Biz mübarizə aparacağıq və kölgədə qalmayacağıq” və “Arzu hələ gerçəkləşməyib!” yazılmış plakatlar qaldırıblar.
Aksiya ilə əlaqədar polis Milli Mall ətrafındakı küçələri nəqliyyatın hərəkəti üçün bağlayıb.