BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin ölkənin cənubuna endirdiyi kütləvi hava zərbələri nəticəsində azı 18 nəfər həlak olub, 108 nəfər isə yaralanıb.

Teleqraf İran dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi məlumat verib.

Nazir dünən ölkənin müxtəlif vilayətlərini hədəf alan hücumların ağır fəsadlar törətdiyini bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə silsilə zərbələr endirdiyini təsdiqləmişdi. "Press TV"nin məlumatına görə, güclü partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Larak və Keşm adalarında qeydə alınıb. Hücumlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 hərbçisi də həlak olub.

Rəsmi Tehran bu hücumlara cavab olaraq dərhal hərəkətə keçib və ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, İraq və Bəhreyndə yerləşən hərbi bazalarını raket atəşinə tutub.