BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika Silahlı Qüvvələrinin Hörmüz boğazı ərazisində İranın yeni hərbi avadanlıq və silahlarını məhv etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranın Hörmüz boğazı boyunca yeni hərbi obyektlər yaratmağa çalışdığını iddia edib.
“Onların Hörmüz boğazı boyunca qurmağa çalışdıqları bütün yeni avadanlıqları məhv etdik. Bunların bəziləri müdafiə, bəziləri isə hücum xarakterli idi”, - ABŞ Prezidenti deyib.
Onun sözlərinə görə, İran radar sistemlərini və raket qurğularını bərpa etməyə çalışıb.
“Onların tikintisi demək olar ki, başa çatmışdı, buna görə də onları məhv etdik”, - Tramp bildirib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə silsilə zərbələr endirildiyini açıqlayıb. “Press TV”nin məlumatına görə, partlayışlar İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə qeydə alınıb.
“Fars” agentliyi isə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadən bildirib ki, ABŞ-nin Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə endirdiyi zərbə nəticəsində azı 5 nəfər ölüb, 68 nəfər yaralanıb.