BAKI, 2 sentyabr. TELEQRAF

Ukrayna hökuməti ölkədə neft məhsullarının təhlükəsizliyini təmin etmək üçün yanacağın yer altında saxlanılmasını nəzərdə tutan genişmiqyaslı eksperimental layihəyə start verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal öz rəsmi "Telegram" kanalında məlumat yayıb:

O qeyd edib ki, Ukraynada şaxələndirilmiş yeraltı anbarlar sistemi yaradılacaq və neft məhsullarının təhlükəsiz saxlanılması üçün lazımi şərait təmin olunacaq.

"Əsas prioritetimiz ordunun və kritik infrastrukturun ehtiyacları üçün dizel yanacağının fasiləsiz tədarükünü zəmanət altına almaqdır".

Baş nazir hökumətin yanacaq ehtiyatlarını artırmaq və təchizat marşrutlarını fərqləndirmək üzrə işlədiyini, xüsusilə Rumıniya istiqamətinə xüsusi diqqət yetirildiyini qeyd edib.

Şmıqal həmçinin bildirib ki, son altı ay ərzində Rusiya ordusunun intensiv zərbələri nəticəsində Ukrayna miqyasında 300-dən çox yanacaqdoldurma məntəqəsi ciddi zədələnib və ya tamamilə məhv edilib.