BAKI, 2 sentyabr. TELEQRAF

“Heç bir ölkə İran və Rusiyaya dəstək verməməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

Nazir bildirib ki, Vaşinqton Tehrana dəstək göstərən bütün tərəflərlə geniş danışıqlar aparır.

O qeyd edib ki, aviaşirkətlər, gəmiçilik sektoru və rəqəmsal aktivlər Tehranla bağlı sanksiyalar çərçivəsində hədəfə alına bilər. Bessentin sözlərinə görə, ABŞ sistemli şəkildə zərərli aktorları səhnədən çıxaracaq.

“İran Hörmüz boğazından strateji keçid və təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu boğaz ABŞ üçün belə bir strateji maneə deyil, amma bir çox digər ölkələr üçün bu rolu oynayır”, - ABŞ-nin maliyyə naziri vurğulayıb.

Skott Bessent hesab edir ki, neftin quru boru kəmərləri vasitəsilə nəqlinin genişləndirilməsi nəticəsində iki ildən sonra Hörmüz boğazından yan keçmək mümkün olacaq və bu su yolu enerji daşınmasının əsas marşrutlarından biri kimi əhəmiyyətini itirəcək.