BAKI, 29 avqust. TELEQRAF

ABŞ-nin hərbi naziri Pit Heqset 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olması barədə NBC News-un yaydığı məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, Heqset bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu, tamamilə yalandır. Biz bunu NBC-yə bildirdik, lakin onlar anonim mənbələr vasitəsilə yalan yaymağa davam edirlər. Mənim yeganə vəzifəm Hərbi Nazirliyi yenidən möhtəşəm etməkdir”, - Heqset bildirib.

***

03:53

ABŞ-nin hərbi naziri Pit Heqset 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanını yaxın ətrafı ilə müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Heqset və həyat yoldaşı Cennifer bir neçə aydır onun prezidentlik uğrunda mübarizəyə qoşulması ideyasını nəzərdən keçirirlər.

Onlar hesab edirlər ki, Pit Heqset ABŞ Prezidenti Donald Trampa MAGA (“Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının tərəfdarları arasında populyarlıq qazandıran keyfiyyətlərə malikdir.

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell isə NBC News-un mənbələrinin məlumatını təkzib edib.

“Nazir Heqset prezidentlik uğrunda yarışmır. Onun əsas prioriteti ABŞ Hərbi Nazirliyinə rəhbərlik etməkdir. Bununla bağlı bütün digər fərziyyələr cəfəngiyyatdır”, - Parnell bildirib.

Qeyd edək ki, daha əvvəl “The Washington Post” mənbələrə istinadən Donald Trampın Respublikaçılar Partiyasının sponsorları ilə qapalı söhbətində vitse-prezident Cey Di Vensi 2028-ci il prezident seçkilərində namizəd kimi görmək istədiyini bildirdiyini yazıb.