BAKI, 3 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-dan Böyük Britaniyaya qayıtmasından məmnun olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Sasseks hersoqu və hersoginyasının geri qayıtmasını müsbət qarşıladığını deyib.

“Mən onların qayıtmasına şadam. Onların pərəstişkarı olmamışam”, - ABŞ Prezidenti bildirib.

Tramp hesab edir ki, Şahzadə Harri və Meqan Markl Britaniya kral ailəsinə qarşı hörmətsiz davranıblar. O, xüsusilə Marklın mərhum Kraliça II Elizabet və Kral III Çarlza münasibətini tənqid edib.

“Mən kral ailəsinin yerində olsaydım, onları geri qəbul etməzdim”, - Tramp vurğulayıb.

Məlumata görə, Şahzadə Harri və Meqan Markl ötən həftə iki övladı - 7 yaşlı Arçi və 5 yaşlı Lilibet Diana ilə birlikdə Birmingem hava limanına gəliblər.

Qeyd edək ki, cütlük 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvləri statusundan imtina edib və daha sonra ABŞ-yə köçərək Santa-Barbarada məskunlaşıb.