BAKI, 29 avqust. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) fövqəladə vəziyyət zamanı ölkənin yüksək vəzifəli şəxslərinin təxliyəsinə yardım göstərmək məqsədilə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında xüsusi helikopter dəstəsi yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” ixtisaslaşmış hərbi portalı məlumat yayıb.
Söhbət yaradılması avqustun 27-də rəsmən elan edilən 5-ci Helikopter Eskadrilyasından gedir. Yeni bölmənin aviaparkı HH-60W “Jolly Green II” axtarış-xilasetmə helikopterlərindən ibarət olacaq.
Endryus aviabazasının mətbuat xidmətinin məlumatına görə, belə bir xüsusi helikopter bölməsi son 60 ildə ilk dəfə bazada yerləşdiriləcək.
“The War Zone” bildirir ki, eskadrilyanın vəzifələrindən biri hücum və ya digər ciddi fövqəladə vəziyyət zamanı federal hökumətin fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün yüksək vəzifəli rəsmilərin və qanunvericilərin təxliyəsinə yardım göstərmək olacaq.
Bununla yanaşı, ABŞ prezidentinin və hökumət üzvlərinin daşınması, eləcə də zərurət yaranacağı təqdirdə təcili təxliyəsi üzrə əsas vəzifələri əvvəlki kimi ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi bölməsi yerinə yetirəcək. Bu məqsədlə VH-3D “Sea King” helikopterlərindən istifadə olunur.