BAKI, 26 may. TELEQRAF
ABŞ İranla müharibə zamanı sərf olunan silah ehtiyatlarını bərpa etmək üçün volfram tədarükü mənbələrini təcili şəkildə axtarır.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, volfram qırıcı təyyarələrin, bunker əleyhinə bombaların, zirehdələn mərmilərin və raket sistemlərinin istehsalında istifadə olunur.
Telekanal qeyd edir ki, 2015-ci ildən etibarən ABŞ ərazisində bu metalın hasil edildiyi fəaliyyət göstərən heç bir mədən yoxdur. Volframın həm hasilatı, həm də emalı üzrə əsas lider isə Çindir.
Hazırkı vəziyyətdə Vaşinqton Cənubi Koreyada volfram hasilatını yenidən qurmağa çalışır. Bildirilir ki, ABŞ-ın “Almonty Industries” şirkəti ölkənin şərqində yerləşən mədənlərdən birinin fəaliyyətini 30 illik fasilədən sonra bərpa edib.
Şirkətin rəhbəri Lyuis Blek telekanala açıqlamasında bildirib ki, əvvəllər əsasən hərbi-sənaye kompleksində istifadə olunan volfram son illərdə texnologiya sektorunda da böyük tələbat qazanıb.
Xatırladaq ki, aprelin sonunda "The Wall Street Journal" qəzeti ABŞ-nin İranla müharibə zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketi, eləcə də THAAD və “Patriot” sistemlərinə aid 1500-2000 arasında kritik əhəmiyyətli raket-interseptor sərf etdiyini yazmışdı.
Məlumata görə, istifadə olunan silah ehtiyatlarının tam bərpası altı ilə qədər vaxt apara bilər. Daha sonra ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Cek Rid İranla müharibənin ABŞ ordusunda yüksək dəqiqlikli sursat çatışmazlığı yaratdığını açıqlayıb.