
BAKI, 1 aprel. TELEQRAF
Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen bu həftə ABŞ Dövlət katibi Marko Rubio ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarından sonra ölkələr arasında ilk yüksək səviyyəli danışıqlar olacaq.
“Financial Times”in məlumatına görə, Rasmussen və Rubio aprelin 3-də keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Brüsseldə danışıqlar aparacaq.
FT-nin mənbələri görüşün Kopenhagenlə Vaşinqton arasındakı gərginliyə son qoya biləcəyini deyirlər.
Rəsmilərin sözlərinə görə, hazırda ABŞ və Danimarka arasında diplomatik təmaslar minimuma endirilib. ABŞ Dövlət Departamenti görüşün mümkünlüyünü şərh etməkdən imtina edib.
Yanvar ayında Rasmussen və Rubio arasında 20 dəqiqəlik telefon danışığı olub.
Xatırladaq ki, ABŞ prezidenti bundan əvvəl dəfələrlə Danimarkanın nəzarətində olan Qrenlandiyanın hansı yolla olur-olsun, ələ keçiriləcəyini bəyan edib. Tramp adanın Amerika ilə birləşməkdən başqa yolunun olmadığını bildirib.