BAKI, 5 mart. TELEQRAF

Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski amerikalı həmkarları Donald Trampa müharibənin dayandırılması ilə bağlı vahid planı təqdim etmək üçün gələn həftə Vaşinqtona getməyə hazırdırlar.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Daily Mail” bildirib.

Zelenski artıq X sosial şəbəkəsində müharibəni bitirmək üçün tezliklə Trampla işləməyə və Ukraynanın mineral ehtiyatları ilə bağlı sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

Britaniya nəşri yazır ki, Ukrayna prezidenti bu açıqlamanı Starmerlə telefon danışığından qısa müddət sonra verib. Qeyd edilir ki, bu zaman Britaniya baş naziri Zelenskiyə Ukraynanın Rusiyadan müdafiəsinə kömək edəcək sülh sazişinin əldə edilməsində Amerikanın dəstəyini qazanmaq şansı əldə etmək üçün Trampla münasibətləri yaxşılaşdırmağın vacibliyi barədə xəbərdarlıq edib.

Starmer daha sonra Ukrayna liderinin sülh axtarışına sarsılmaz sadiqliyini alqışladığını bildirib.