BAKI, 3 avqust. TELEQRAF

İspaniya hüquq-mühafizə orqanları miqrant axını zamanı Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə daxil ola biləcək cihadçıları və cinayətkarları mümkün qədər tez müəyyənləşdirməyə çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə “El Confidencial” İspaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Mülki Qvardiya və Milli Polisin əməkdaşları qanunsuz miqrantların kütləvi şəkildə şəhərə daxil olmasını əks etdirən videogörüntüləri təhlil edir və Seuta küçələrində patrul xidməti həyata keçirirlər. Təhlükəsizlik sistemində yaranmış bu boşluğun aradan qaldırılması üçün mövcud bütün resurslar səfərbər edilib.

Nəşr qeyd edib ki, yaranmış xaos səbəbindən son bir həftə ərzində Seutaya neçə nəfərin daxil olduğu və oranı tərk etdiyi barədə dəqiq məlumat yoxdur. Ən real qiymətləndirmələrə görə, miqrantların təxminən 90 faizi artıq Mərakeşə qayıdıb.

İyulun sonunda on minlərlə miqrant Mərakeşdən İspaniyanın muxtar şəhərinə daxil olub. Madrid böhran fonunda yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbi qüvvələri cəlb edib. Bundan başqa, Seutaya çatmağa çalışarkən azı 72 nəfər həlak olub. Ehtimal edilir ki, miqrantların əksəriyyəti artıq Mərakeşə qayıdıb.