BAKI, 18 avqust. TELEQRAF

İyulun sonunda baş verən kütləvi axını zamanı İspaniyanın Afrikanın şimalındakı muxtar şəhəri Seutaya daxil olan onlarla qeyri-qanuni miqrant İspaniyanın materik hissəsinə çatmağa müvəffəq olub.

Teleqraf xəbər verir ki, bu barədə ABC İspaniyanın hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Polisin məlumatına görə, cinayətkar qruplaşmalar yaranmış böhrandan istifadə edərək insanların Cəbəllütariq boğazı vasitəsilə Əndəlusiya sahillərinə daşınmasını təşkil ediblər. Qaçaq daşımaları həyata keçirmək üçün cinayətkarlar hidrosikllərdən və qayıqlardan istifadə edirlər. Nəşrin yazdığına görə, miqrantların sahilə çıxarılması adətən Kadis vilayəti sahillərində baş verir.

İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşdən Seutaya daxil olmuşdu. Madrid böhran fonunda şəhərdə təhlükəsizliyin təmin olunmasına hərbçiləri cəlb edib. Ehtimal olunur ki, qeyri-qanuni miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Amma İspaniya hökumətinin məlumatına görə, şəhərdə hələ də təxminən 5 min miqrant qala bilər.

İspaniya xarici işlər naziri Xose Manuel Albares bundan əvvəl bəyan etmişdi ki, qanunsuz miqrantların nə İspaniyanın materik hissəsinə, nə də digər Avropa İttifaqı ölkələrinə keçməsinə imkan veriləcək.