BAKI, 3 noyabr. TELEQRAF

Mərakeşin cənubundakı Aqadir şəhərində yerləşən lüks otellərdən birində iki britaniyalı turist ölü tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Maghreb Times” nəşri məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyadan olan ər-arvadın meyitləri qaldıqları otel otağında aşkarlanıb. Onların məişət qazından zəhərlənərək öldükləri ehtimal edilir.

Eyni oteldə qalan daha iki Fransa vətəndaşı isə ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Onlara təcili tibbi yardım göstərilib.

İlkin ehtimala əsasən, hadisəyə turistlərin qaldıqları otaqlarda qaz sızması səbəb ola bilər.

Mənbənin bildirdiyinə görə, ölüm və zəhərlənmə hallarının dəqiq səbəbləri davam edən istintaq və məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra müəyyənləşəcək.

Həlak olanların meyitlərinin yarılması və zərərçəkənlərin tibbi müayinəsi nəticəsində zəhərlənməyə hansı qazın səbəb olduğu, eləcə də sızmanın mənbəyi aydınlaşdırılacaq.

Aqadirin hüquq-mühafizə orqanları prokurorluğun nəzarəti altında hadisə ilə bağlı araşdırmaları davam etdirirlər.