BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Çikaqo bölməsinin keçmiş rəhbəri Duqlas DePodesta Prezident Donald Trampın siyasi rəqiblərinə qarşı araşdırmalar aparmaq üçün təzyiqlərə məruz qaldığını iddia edərək Ədliyyə Nazirliyini məhkəməyə verib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
2024-cü ildən 2026-cı ilin iyulunadək FTB-nin Çikaqo bölməsinə rəhbərlik etmiş DePodesta məhkəməyə təqdim etdiyi iddia ərizəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz təzyiq və işdən əsassız uzaqlaşdırılma ilə bağlı ittihamlar irəli sürüb.
İddia ərizəsində FTB direktoru Kaş Patel, ABŞ-nin baş prokuroru Todd Blanş və Çikaqodakı federal prokurorluğun rəhbəri Endryu Butrosun adları çəkilir.
DePodestanın sözlərinə görə, Butros ondan dəfələrlə Tramp administrasiyasına müxalif siyasi baxışları olan şəxslərə qarşı cinayət araşdırmaları başlatmağı tələb edib.
Keçmiş FTB rəsmisi xüsusilə 2025-ci ilin sentyabrında Çikaqonun Brodvyu ətrafında İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) qarşı keçirilən etirazlarla bağlı açılmış cinayət işinə diqqət çəkib.
“Brodvyu altılığı” kimi tanınan altı fəal federal immiqrasiya əməkdaşlarının fəaliyyətinə mane olmaqda ittiham edilsə də, prokurorluğun yol verdiyi prosessual pozuntulardan sonra işə xitam verilib.
DePodesta iddia edir ki, həmin işin uğursuzluğundan sonra prokuror Butros məsuliyyəti onun üzərinə qoymağa çalışıb və nəticədə vəzifəsindən uzaqlaşdırılmasına nail olub.
İddia ərizəsində Butrosun məhkəməyə bilərəkdən yanlış məlumat verdiyi, həmçinin Ədliyyə Nazirliyinin rəhbərliyi ilə işə dair apardığı müzakirələri gizlətdiyi də bildirilir.
2002-ci ildən FTB-də çalışan DePodesta bu ilin iyulunda vəzifəsindən ayrılıb.
“Amerika xalqı hökumətinin daxilində nələrin baş verdiyini bilməlidir. Qorxunun məni susdurmasına imkan verməyəcəyəm”, – o, “Chicago Sun-Times” nəşrinə açıqlamasında bildirib.
Keçmiş FTB rəhbəri məhkəmədən nüfuzuna vurulan zərərin, eləcə də konstitusion hüquqlarının pozulmasının hüquqi qiymətləndirilməsini tələb edir.
Ədliyyə Nazirliyi, FTB və Endryu Butros isə ittihamlarla bağlı jurnalistlərin sorğularına hələlik cavab verməyiblər.