BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin İranın cənubundakı Qeşm adasında yerləşən hərbi obyektlərə zərbələr endirdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “NewsNation” telekanalının jurnalisti Kelli Meyer “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ İranın Qeşm adasına zərbələr endirir. Radar sistemləri və raket buraxılış qurğuları hədəfə alınır”, – jurnalist bildirib.

Bundan əvvəl “The Wall Street Journal” nəşri də ABŞ Silahlı Qüvvələrinin Qeşm adasına hücum etdiyinə dair məlumat yayıb.

Hücumun miqyası, mümkün dağıntılar və itkilər barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını açıqlamışdı.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılmasına dair danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirmişdi.