BAKI, 3 noyabr. TELEQRAF
Şimali Koreya oktyabrın 29-da “Binance” kriptovalyuta birjasına həyata keçirilən və milyardlarla dollar zərərlə nəticələndiyi bildirilən kiberhücumda iştirakına dair ittihamları rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjonun Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan bəyanatında bildirilib.
Onun sözlərinə görə, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyanı beynəlxalq kibercinayətkarlıqda ittiham etməklə ölkənin nüfuzuna xələl gətirməyə çalışır.
“FTB Şimali Koreyanın dəstəklədiyi iddia olunan haker təşkilatının hadisədə iştirakına dair məlumat əldə etdiyini bildirərək bizi kibercinayətkarlıq dövləti kimi təqdim etməyə çalışır. Lakin ABŞ-nin bu iddiaları əsassızdır və heç bir yenilik daşımır”, – Kim Yo Çjo vurğulayıb.
O bildirib ki, Vaşinqton mütəmadi olaraq Pxenyanı beynəlxalq kiberhücumlarla əlaqələndirməyə çalışır. Şimali Koreya rəsmisi “Bybit” kriptovalyuta birjasına hücumla bağlı irəli sürülən ittihamları da buna nümunə göstərib.
Kim Yo Çjo qeyd edib ki, Şimali Koreya kiberməkanda qanunsuz fəaliyyətlərə qarşı mübarizəni dəstəkləyir, lakin kibertəhlükəsizlik məsələlərinin siyasiləşdirilməsini və digər dövlətlərin daxili işlərinə müdaxilə vasitəsinə çevrilməsini qətiyyətlə rədd edir.
Xatırladaq ki, “Binance” kriptovalyuta birjası oktyabrın 29-da kiberhücuma məruz qaldığını açıqlayıb.
İlkin məlumatlara görə, hücum nəticəsində mümkün maliyyə itkiləri 6,3 milyard dollara çata bilər. Hadisə səbəbindən müvəqqəti dayandırılan vəsaitlərin çıxarılması funksiyası bərpa edildikdən sonra istifadəçilər platformadan təxminən 3,64 milyard dollar çıxarıblar.