BAKI, 3 noyabr. TELEQRAF

Fransada təhsil şəraitinin pisləşməsi və yaşayış xərclərinin artmasına qarşı etirazlar yenidən genişlənib. Ölkənin müxtəlif şəhərlərində onlarla məktəbin fəaliyyəti iflic olub, həmkarlar ittifaqları isə ümummilli tətilə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

İki həftəlik tətildən sonra dərslərin bərpa olunduğu noyabrın 2-də Paris, Lill, Tuluza və Marsel də daxil olmaqla bir sıra şəhərlərdə şagirdlər məktəblərin girişlərini barrikadalarla bağlayıblar.

Etirazçılar müəllim çatışmazlığının aradan qaldırılmasını, məktəb binalarının təmirini, təhsilə ayrılan vəsaitin artırılmasını və ali təhsilə çıxış imkanlarının yaxşılaşdırılmasını tələb edirlər.

Bəzi məktəblərin qarşısında polis əməkdaşları barrikadaları dağıtmağa çalışıb, saxlanılanlar olub.

Fransa Prezidenti Emmanuel Makronun etirazları dayandırmaq çağırışına baxmayaraq, sentyabr ayından davam edən aksiyalar səngiməyib.

Təhsil Nazirliyinin məlumatına görə, ölkə üzrə 41 liseyin fəaliyyəti bloklanıb. Şagird həmkarlar ittifaqları isə bu rəqəmin 150 olduğunu bildirirlər.

Fransanın təhsil naziri Eduar Joffre vəziyyətin ciddi narahatlıq doğurduğunu açıqlayıb. Onun sözlərinə görə, həftələrlə dərs keçilməməsi yüz minlərlə şagirdin tədris proqramından geri qalmasına və buraxılış imtahanlarının təhlükə altına düşməsinə səbəb ola bilər.

“Yüz minlərlə şagird tətil günləri də daxil olmaqla dörd-beş həftədir dərs keçmir. Onların tədris ili artıq təhlükə altındadır. Buna yol verə bilmərik”, – nazir vurğulayıb.

O, məktəblərin bloklanmasını qanunsuz adlandıraraq şagirdlərin dərslərə qayıtmasının prioritet olduğunu bildirib.

Bu arada həmkarlar ittifaqları noyabrın 5-də ölkə miqyasında genişmiqyaslı tətil keçirməyə çağırıblar. Aksiyalara müəllimlərlə yanaşı, dəmiryol işçilərinin və özəl sektor əməkdaşlarının da qoşulacağı gözlənilir.

Etirazçılar təhsil sistemindəki problemlərlə yanaşı, maaşların aşağı olmasına və yaşayış xərclərinin artmasına da etiraz edəcəklər.

Fransanın Baş naziri Sebastyen Lekornü gələn həftə şagird həmkarlar ittifaqlarının nümayəndələri ilə yenidən görüşəcəyini açıqlayıb.