BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp amerikalıları noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərində onun da namizəd olduğunu təsəvvür edərək səs verməyə çağırıb.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bildiyiniz kimi, mənim adım seçki bülletenində olanda hər dəfə qalib gəlirəm. Üstəlik, adım bülletendə olmayanda əldə etdiyimiz səslərlə müqayisədə 50 faiz daha çox səs toplayırıq. Ona görə də hər kəsdən xahiş edirəm ki, mənim də seçkilərdə iştirak etdiyimi təsəvvür etsin. Müəyyən mənada bu, həqiqətən də belədir”, – Tramp deyib.
ABŞ Prezidenti xəbərdarlıq edib ki, seçkilərin nəticələri administrasiyasının həyata keçirdiyi bir sıra iqtisadi və vergi islahatlarını təhlükə altına qoya bilər.
O, xüsusilə bəxşişlərin və əlavə iş saatlarına görə ödənişlərin vergidən azad edilməsini, təqaüdçülərə güzəştləri, fermerlər və kiçik biznes üçün miras vergisi ilə bağlı dəyişiklikləri xatırladıb.
“Etdiyimiz hər şeyin üstündən xətt çəkilə bilər”, – Tramp vurğulayıb.
Amerika lideri seçicilərin fəallığının həlledici əhəmiyyət daşıdığını bildirib.
“Təsəvvür edin ki, mənim adım seçki bülletenindədir. Nə istəyirsiniz edin, amma mütləq səs verməliyik. Əgər tərəfdarlarımız seçkilərə gəlsələr, böyük üstünlüklə qalib gələcəyik”, – o əlavə edib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasının 435 üzvü, Senatın təxminən üçdəbir hissəsi, eləcə də bir sıra ştatların qubernatorları və yerli hakimiyyət orqanlarının nümayəndələri seçiləcək.