BAKI, 3 avqust. TELEQRAF

İspaniya kəşfiyyatı hesab edir ki, Mərakeş hakimiyyəti Afrikanın şimal sahillərində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə miqrant axınının qarşısını almayıb və baş verənlərin nəticələrindən siyasi baxımdan faydalanıb.

Teleqraf xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Xüsusi xidmət orqanları hesab edir ki, qanunsuz miqrant axını əvvəlcədən Rabat tərəfindən planlaşdırılmasa da, Mərakeş hakimiyyəti sərhəd-keçid məntəqəsinə doğru hərəkət edən insanların qarşısını almamaqla kifayətlənməyib, əksinə, faktiki olaraq onların yolunu açıb. Qeyd edilib ki, Seutadakı böhran Madrid üçün gözlənilməz olub, çünki həmin vaxt hökumət əsas diqqətini meşə yanğınları ilə mübarizəyə yönəltmişdi.

İspaniyalı mütəxəssislərin fikrincə, qanunsuz miqrant axını Mərakeş hakimiyyəti tərəfindən planlaşdırılmasa da, yaranmış vəziyyəti fürsət kimi qiymətləndirib. Nəticədə Mərakeş Seuta və Melilyaya dair ərazi iddialarını dünya KİV-lərinin əsas gündəminə və hökumətlərin müzakirə mövzusuna çıxarmağa nail olub. Bundan əlavə, sərhədi qanunsuz keçən insanların görüntüləri radikal sağçı siyasi qüvvələrin miqrasiyaya qarşı ritorikasını daha da sərtləşdirməsi üçün əsas yaradıb.

İyulun sonunda on minlərlə miqrant Mərakeşdən İspaniyanın muxtar şəhərinə daxil olub. Madrid böhran fonunda yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbi qüvvələri cəlb edib. Bundan başqa, Seutaya çatmağa çalışarkən azı 72 nəfər həlak olub. Ehtimal edilir ki, miqrantların əksəriyyəti artıq Mərakeşə qayıdıb.

İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri “ölkənin ərazi bütövlüyünün pozulması” adlandırıb.