BAKI, 5 iyul. TELEQRAF
Konqo Demokratik Respublikasında (KDR) ebola qızdırmasından ölənlərin sayı 492-yə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyinin gündəlik bülletenində məlumat verilib.
Rəsmi hesabatda son sutka ərzində virus səbəbindən daha 19 nəfərin həyatını itirdiyi qeyd olunub.
Nazirliyin açıqladığı statistik məlumatlara əsasən, virusa yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir. Hazırda epidemiya üzrə ümumi ölüm göstəricisi 32,2 % təşkil edir.
Xatırladaq ki, ebolanın növbəti alovlanması cari ilin mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiya xəstəliyinin episentri Konqonun İturi əyaləti hesab olunur.