BAKI, 13 avqust. TELEQRAF

İspaniyanın Afrikanın şimalında yerləşən Seuta muxtar şəhərində iyulun sonunda baş verən kütləvi qanunsuz miqrant axınından sonra təxminən 5 min miqrant hələ də bölgədə qalır.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya daxili işlər naziri Fernando Qrande-Marlaska jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda şəhərdə təxminən 880 polis və 714 mülki qvardiya əməkdaşı xidmət aparır. O, təhlükəsizlik qüvvələrinin iştirakının daha da artırılacağını vəd edib.

Qrande-Marlaska Seutaya qanunsuz yollarla daxil olmağa hazırlaşan şəxslərə də müraciət edərək bildirib ki, onların heç biri şəhərdə qalmaq və İspaniyanın materik hissəsinə keçmək imkanı əldə etməyəcək.

Daxili işlər naziri hazırda şəhərdə təxminən 5 min qanunsuz miqrantın qaldığını da açıqlayıb.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən Seutaya daxil olub. İspaniya hökuməti böhran fonunda şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb edib. Qiqrantların böyük əksəriyyətinin Mərakeşə geri qayıtdığı bildirilir.