BAKI, 20 avqust. TELEQRAF

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7.000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5.000 manata edirilib.

Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcəkdir.

***

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub. O, 15 min manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.