BAKI, 20 avqust. TELEQRAF
“Ermənistan tarixinin “Dördüncü Respublika” adlandırdığımız mərhələsinə qədəm qoyur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Seçkilərin nəticələrinə görə, nəhayət, “Real Ermənistan” ideologiyası qalib gəldi və bu da onun Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrilməsi deməkdir. Bu, çox əhəmiyyətli və vacib mərhələdir. Artıq qeyd edə bilərik ki, “Real Ermənistan” ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyadır və Ermənistan Respublikasına rəhbərlik edir. Bu, Hökumət Proqramının layihəsində də yer alır. Bu, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının VII qurultayında da müzakirə olunub və müvafiq bəyannamə qəbul edilib. Amma Üçüncü Respublikanın Dördüncü Respublikadan necə fərqləndiyini qeyd etmək də çox vacibdir”, - Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, Üçüncü Respublika ilk gündən (Azərbaycana qarşı) münaqişə və qarşıdurma məntiqi ilə qurulub, Dördüncü Respublika isə sülh məntiqi ilə formalaşmaqdadır və formalaşıb.
Qeyd edək ki, “Üçüncü Respublika” ifadəsi Ermənistanın 1991-ci ildən bəri olan dövrü ilə əlaqəlidir. Birinci Respublika 1918-1920, İkinci Respublika isə 1920-1991-ci illəri (SSRİ dönəmi) əhatə edir. Nikol Paşinyan “Dördüncü Respublika”nı da elan edib. Bu isə onun 2018-ci ildən bəri davam edən hakimiyyəti dövrünə aiddir.
“Real Ermənistan” ideologiyasına gəlincə, Nikol Paşinyanın öz iddiasına görə, bu konsepsiya hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir.