BAKI, 20 avqust. TELEQRAF

“Ermənistanın yeni hökumət proqramında “Qarabağ hərəkatı” məntiqi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2026-2031-ci illər üçün hökumət proqramını şərh edərkən bildirib.

“Ermənistanın orta və yaşlı nəslinin demək olar, bütün siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndəsi “Qarabağ hərəkatı” ideologiyasına bağlıdır. Bu, hakimiyyət nümayəndələrinə də aid idi. Buna baxmayaraq, ötən illər ərzində hökumət uzun illər qapalı qalan səhifələri yenidən oxumaq qərarına gəldi. Onların yenidən nəzərdən keçirilməsi (Azərbaycanla) sülh gündəliyinin və “Real Ermənistan” konsepsiyasının formalaşmasına gətirib çıxardı”, - Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, bu istiqamətdə müvafiq çağırış Ermənistan cəmiyyətindən də gəlib. O əlavə edib ki, sülh gündəliyi çərçivəsində hökumət böhran idarəçiliyindən normal idarəetməyə keçəcək, insan hüquqlarının möhkəmləndirilməsinə, iqtisadi diplomatiyaya, süni intellektin yayılması ilə bağlı məsələlərə və səhiyyə problemlərinə daha çox diqqət yetirəcək.