BAKI, 6 avqust. TELEQRAF

İspaniyanın Afrikanın şimalında yerləşən muxtar şəhəri Seutada baş verən miqrasiya böhranından təxminən bir həftə sonra 60-a yaxın Mərakeş vətəndaşı itkin düşmüş hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə “The Maghreb Times” məlumat yayıb.

İlkin itkin düşənlər siyahısında kişi, qadın və uşaqlar da daxil olmaqla 43 nəfər olub. Dünən 3 gəncin Seutadan geri qayıdanlar arasında yaxınları tərəfindən tapıldığı barədə məlumat yayılsa da, bir müddət sonra daha 17 nəfərin itkin düşməsi ilə bağlı müraciətlər edilib. Beləliklə, eyni mənbənin məlumatına görə, hazırda 57 Mərakeş vətəndaşı itkin düşmüş hesab olunur.

Mərakeş hakimiyyəti itkin düşənlərin sayının arta biləcəyini bildirib və yaxınları ilə əlaqə saxlaya və ya onları tapa bilməyən ailələrə axtarış zamanı yalnız sosial şəbəkələrə güvənməməyi tövsiyə edib. Rəsmilər vurğulayıblar ki, sosial şəbəkələr rəsmi kanalları əvəz etmir.