BAKI, 25 iyun. TELEQRAF
“MOSSAD 2018-ci ildə İranın nüvə arxivinin ələ keçirilməsi əməliyyatından əvvəl Afrika ölkəsində təlim keçib”.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohen deyib.
“MOSSAD bu əməliyyat üçün İranın nüvə arxivinin saxlandığı mərkəzin tam ölçülü maketini hazırlamışdı. Təhlükəsizliyə görə məşqləri İsraildə yox, Afrikada keçirdik”, - o bildirib.
Kohen qeyd edib ki, əməliyyata hazırlıq çərçivəsində obyektin eynisi (maket) qurulub və kəşfiyyatçılar əməliyyatın bütün mərhələlərini həmin məkanda məşq ediblər.
“Bu addım əməliyyatın uğurla həyata keçirilməsi və məxfiliyinin qorunması məqsədi daşıyırdı”, - İsrailin xüsusi xidmət orqanının keçmiş rəhbəri əlavə edib.
Qeyd edək ki, bu, sözügedən əməliyyata dair İsraildən ilk belə açıqlamadır.