BAKI, 27 iyul. TELEQRAF
ABŞ prezidentinin Afrika və ərəb ölkələri üzrə baş məsləhətçisi Massad Bulos Liviya Baş naziri Əbdülhəmid əl- Dbeybə ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə amerikalı rəsmi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək və illərdir iki yerə bölünmüş Liviyanı yenidən vahid dövlət kimi birləşdirmək yollarını müzakirə ediblər.
O bildirib ki, danışıqlar zamanı Liviyanın şərq və qərb hissəsindəki hərbi qüvvələrin bir-biri ilə anlaşması və ABŞ ordusunun Afrika Komandanlığı ilə birgə çalışması üçün atılacaq addımlar nəzərdən keçirilib:
"ABŞ Liviyanın torpaq bütövlüyünü bərpa etmək və ölkədə tam siyasi birliyi təmin etmək üçün köməyini əsirgəməyəcək".
Qeyd edək ki, Liviya uzun illərdir iki ayrı hökumət tərəfindən idarə olunur və bu tərəflər arasında hərbi qarşıdurma var. Lakin bu ilin aprel ayında ABŞ tarixi addım ataraq, "Flintlock 2026" adlı hərbi təlimlərdə hər iki düşmən tərəfin əsgərlərini ilk dəfə bir araya gətirərək birgə məşq etdirmişdi.