BAKI, 20 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələsi ilə bağlı üzv ölkələrin birgə bəyanatına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
“AİB-in dörd ölkəsinin liderlərinin bəyanatında referendum keçirilməsi ideyasını dəstəklədikləri qeyd olunur. Əslində, bu ideya bizə məxsusdur, hansısa mərhələdə referendum keçirilməlidir”, - Baş nazir deyib.
O əlavə edib ki, referendumun vaxtı ilə bağlı Ermənistanın da öz təsəvvürləri var.
Paşinyanın sözlərinə görə, bu bəyanat tələb kimi qəbul edilə bilməz: “Mən bunu dostluq jesti kimi qəbul etmişəm”.
Baş nazir həmçinin qeyd edib ki, AİB ölkələri Ermənistanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri dərinləşdirməsinə, hətta Aİ-yə üzvlük gündəliyinin qəbul edilməsinə qarşı çıxmırlar.
Xatırladaq ki, mayın 29-də AİB-in Astanda keçirilən iclasında Ermənistanın Avrasiya inteqrasiya Birliyində qalmaq və ya Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsinin zəruriliyi barədə qətnamə qəbul olunub. Qətnamə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.