BAKI, 10 avqust. TELEQRAF

İspaniyanın Afrikanın şimalında yerləşən muxtar Seuta şəhərinin minlərlə sakini kütləvi miqrant axınından sonra bölgədə yaranmış ağır vəziyyətə hakimiyyətin reaksiya verməsini tələb edən aksiyaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Aksiya şəhərin mərkəzi meydanlarından birində “Artıq kifayətdir. Seuta təslim olmur” şüarı altında keçirilib.

Aksiyada təxminən 10 min nəfər iştirak edib. Mitinqə Seuta administrasiyasının rəhbəri Xuan Xesus Vivas da qoşulub.

İştirakçılar İspaniya Baş naziri Pedro Sançesin istefasını tələb edən şüarlar da səsləndiriblər.

Mitinq zamanı oxunan manifestdə qeyd olunub ki, Seuta öz imkanlarını dəfələrlə aşan, bütün İspaniya və Avropaya təsir edən bu vəziyyətin öhdəsindən təkbaşına gələ bilməz.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeş ərazisindən İspaniyanın muxtar şəhərinə daxil olub.

İspaniya hökuməti böhran fonunda Seutada təhlükəsizliyin təmin edilməsinə kömək göstərmək üçün hərbi qüvvələri cəlb edib. Məlumata görə, Seutaya təxminən 72 min miqrant daxil olub, onlardan təxminən 70 mini artıq Mərakeşə qayıdıb.