BAKI, 27 dekabr. TELEQRAF

Prezident Əbdürəhman Çianinin sədrliyi ilə keçirilən Niger Nazirlər Şurası ümumi səfərbərlik haqqında fərman layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Actu Niger” məlumat verib.

Fərman ölkənin ərazi bütövlüyü və suverenliyini qorumaq, əhali, qurumlar və dövlətin həyati maraqlarını istənilən daxili və ya xarici təhlükədən qorumaq zərurətindən irəli gəlir. Sənəd ümumi səfərbərliyin təşkili, hazırlanması və keçirilməsi qaydasını müəyyən edir.

Fərmanda hər bir vətəndaşın səfərbərliklə bağlı müddəa və tədbirlərə, çağırış əmrlərinə dərhal cavab verməyə borclu olduğu bildirilir. Bu, ordunun ehtiyacları üçün vətəndaşlardan maddi ehtiyat və nəqliyyat vasitələrinin tələb edilməsi imkanını da nəzərdə tutur.

Fərmanın qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən imzalanmalı və Nigerin rəsmi qəzetində dərc olunmalıdır.

Niger Silahlı Qüvvələrinin hazırkı sayı 40 000 nəfərdir. Ölkə rəhbərliyi 2026-cı ilə qədər Silahlı Qüvvələrdə şəxsi heyətin sayını 100 000 nəfərə çatdırmağı planlaşdırır.