BAKI, 8 noyabr. TELEQRAF

Efiopiyanın qərbində, Daleti yaşayış məntəqəsinə silahlı şəxslərin hücumu nəticəsində 50-dən çox insan həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Borkena” portalı regional polisə istinadla məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlər arasında 21 mülki şəxs, regional hüquq-mühafizə qüvvələrinin 18 əməkdaşı və yerli silahlı dəstənin 13 üzvü var.

Polis hücuma görə Efiopiya hakimiyyətinin terror təşkilatı hesab etdiyi “Oromonun Azadlıq Ordusu” (OLA) qruplaşmasının silahlı üzvlərini məsul tutub. Hücum edənlər hadisədən dərhal sonra ərazidən qaçıblar.

Hadisə yerinə federal ordu və regional təhlükəsizlik qüvvələrinin bölmələri göndərilib. Onların müdaxiləsi nəticəsində vəziyyətə nəzarət bərpa olunub.

Hücum nəticəsində yerli sakinlərin bir hissəsi evlərini tərk etmək məcburiyyətində qalıb. Bölgə hakimiyyətinin bildirdiyinə görə, vəziyyət sabitləşdikdən sonra sakinlər öz evlərinə qayıda biliblər.

OLA nümayəndələri hələlik hücumda iştirak etmələri ilə bağlı irəli sürülən ittihamlara münasibət bildirməyiblər.