BAKI, 30 may. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Rusiya və Çinin Hörmüz boğazından keçid zamanı xüsusi və əlverişli şərtlərdən yararlanacağını bildirib.
Teleqraf xəbər verir ki, iranlı siyasətçi bu barədə "RIA Novosti" agentliyə müsahibəsində danışıb.
Əzizinin sözlərinə görə, Moskva və Pekin ən çətin dövrlərdə Tehrana dəstək verib və İranın yanında olub. Buna görə də hər iki ölkəyə gəmiçilik və tranzit məsələlərində xüsusi yanaşma tətbiq ediləcək.
O qeyd edib ki, bu güzəştlər həm ticarət gəmilərinə, həm də Rusiya və Çinə məxsus tankerlərə şamil olunacaq.
"Bizim üçün strateji əhəmiyyət daşıyan dövlətlər, o cümlədən Çin və Rusiya, Hörmüz boğazı ilə bağlı məsələlərdə bundan sonra da xüsusi yanaşma və əlverişli şərtlərdən istifadə edəcəklər", - deyə İbrahim Əzizi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı məsələlərin hələ razılaşdırılmadığını açıqlamışdı.