BAKI, 30 may. TELEQRAF
ABŞ hərbçiləri İranın Hörmüz boğazında mina yerləşdirməsi ilə bağlı kəşfiyyat məlumatlarını və rəsmi açıqlamaları təsdiqləyə bilməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı İranın minaları ya fevralın sonlarında başlayan hərbi münaqişədən əvvəl, ya da onun ilk günlərində boğazda yerləşdirdiyini ehtimal edib.
Telekanal qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilər Tehranı dəfələrlə Hörmüz boğazında minalar yerləşdirməkdə ittiham ediblər.
Lakin ABŞ Silahlı Qüvvələri minaların axtarışı üçün dəfələrlə pilotsuz sualtı aparatları və hərbi aviasiyadan istifadə etsə də, yalnız mina ola biləcək bir neçə obyekt aşkar edib.
"NBC News"un məlumatına görə, indiyədək həmin obyektlərin həqiqətən mina olduğunu təsdiqləyən sübut əldə olunmayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə daha əvvəl Tehranın Hörmüz boğazında mina yerləşdirməsi ilə bağlı ittihamların "tamamilə yanıltıcı" olduğunu və siyasi məqsədlərə xidmət etdiyini bildirmişdi.