BAKI, 30 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşdə Vaşinqtonun ölkənin təbii qaz ixracının şaxələndirilməsini dəstəklədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yaydığı açıqlamada deyilir.
Məlumata görə, Marko Rubio ABŞ-nin Türkmənistan təbii qazının Transxəzər marşrutları vasitəsilə ixracının genişləndirilməsinə qəti dəstəyini ifadə edib.
O, həmçinin Rəşid Meredova son kommersiya sazişləri üzrə əldə olunan irəliləyişə görə təşəkkür edib.
Açıqlamada qeyd olunur ki, tərəflər enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Türkmənistan dünyanın iri təbii qaz ixracatçılarından biridir. Ölkənin qazının əsas alıcısı Çindir.
Rəşid Meredov bu ilin aprel ayında bildirib ki, Türkmənistanın enerji gündəliyində əsas məsələlərdən biri təbii qazın Avropa İttifaqı ölkələrinə çatdırılmasıdır.