BAKI, 30 may. TELEQRAF

Rusiya mayın 30-dan etibarən Ermənistandan bəzi giləmeyvə və təzə tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Teleqraf xəbər verir ki, məhdudiyyətlər pomidor, xiyar, bibər, göyərti məhsulları və çiyələyi əhatə edir.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) qərarın Ermənistan mənşəli meyvə-tərəvəz məhsullarının tədarükü zamanı son dövrlərdə artan pozuntular və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edildiyini bildirib.

Qurumun məlumatına görə, mövcud vəziyyət Rusiyanın ərazisində fitosanitar təhlükəsizlik üçün risk yaradır.

Bununla yanaşı, sektorda fəaliyyət göstərən nümayəndələr məhdudiyyətlərin Rusiya bazarında tərəvəz qıtlığına səbəb olmayacağını bildiriblər. Omnikanal Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının sədri Stanislav Boqdanovun sözlərinə görə, iri ticarət şəbəkələrində xiyar, pomidor, bibər, göyərti və çiyələk çatışmazlığı gözlənilmir.

"Rusprodsoyuz" assosiasiyasının idarə heyəti sədrinin müavini Dmitri Leonov da qeyd edib ki, Ermənistanın Rusiya tərəvəz idxalındakı payı az olduğundan məhdudiyyətlər daxili bazara ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, idxalçılar məhsul tədarükünü digər ölkələrə yönəldə bilərlər. Pomidor üzrə əsas alternativ mənbələr Azərbaycan, Türkmənistan, Türkiyə, Özbəkistan və Çin, xiyar üzrə Türkiyə, Çin, Azərbaycan və Özbəkistan, şirin bibər üzrə isə Türkiyə, Çin və Özbəkistan hesab olunur.