BAKI, 30 may. TELEQRAF
Cənubi Azərbaycanın “Traktor” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib.
Teleqraf xəbər verir ki, çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib.
40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə əsasən 39 xalla ikinci pillədə qərarlaşıb və bu nəticə ilə turnirə vəsiqəni təmin edib.
Hazırda “İstiqlal” 41 xalla liderdir. “Traktor” və “Sepahan” isə 39 xalla ikinci və üçüncü pillələri bölüşürlər. İran mediasının məlumatına görə, peşəkar lisenziya əldə etdiyi üçün “Traktor”un Elit mərhələdə iştirakı demək olar ki, rəsmiləşib.
“Sepahan”ın taleyi isə lisenziyalaşdırma ilə bağlı yekun qərardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, İran Pro Liqasında çempionun və digər yekun nəticələrin dünya çempionatından sonra keçiriləcək qalan oyunlardan sonra müəyyənləşəcəyi gözlənilir.
Beləliklə, İranı Asiya turnirlərində ümumilikdə 3 komanda təmsil edəcək: 2 komanda Asiya Çempionlar Liqasının Elit mərhələsində, 1 komanda isə Asiya Çempionlar Liqası 2-də çıxış edəcək.