BAKI, 30 may. TELEQRAF
İranla ABŞ arasında yekun razılaşmanın əldə olunması Vaşinqtonun mövqeyindən asılıdır.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı zamanı bildirib.
İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Əraqçi Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik prosesin son vəziyyətini müzakirə edərkən yekun razılaşmanın əldə edilməsinin ABŞ tərəfinin həddindən artıq tələblərdən və ziddiyyətli, dəyişkən mövqelərdən imtina etməsindən asılı olduğunu vurğulayıb.
Nazir həmçinin bildirib ki, Tehran öz qanuni hüquq və maraqlarını ciddi və ardıcıl şəkildə müdafiə etməyə davam edir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla bağlı yekun qərarı yaxın vaxtlarda verəcəyini açıqlamışdı.
"The New York Times" qəzetinin yazdığına görə, Ağ Evin Situasiya Otağında keçirilən iclasdan sonra Tramp Tehranla yeni razılaşma ilə bağlı hələlik yekun qərar qəbul etməyib.