Mühacirlik ölümdən ağır bir həyatdır.
Yaxınlarını fiziki olaraq itirmək insan üçün böyük faciə olsa da, zamanla alışır, ağrılarını unudur, həyatın davam etdiyinin fərqinə varır, başqa sevdikləri üçün yenidən həyat mücadiləsinə atılır.
Amma doğulduğu vətənini itirmək və bir daha oraya qayıtmağın mümkün olmayacağını dərk etmək ölümdən də ağır bir hissdir.
Zülm, işgəncə qarşısında baş götürüb Vətəndən uzaqlaşarkən insan nəyini itirdiyinin fərqinə varmır əvvəlcə. Bəlkə də, hadisə təzə olduğu üçün geriyə qayıdış ümidi daha yüksək olur, bu barədə düşünmək çətin olur, ölümdənsə mühacirlik üstün tutulur. Amma zaman keçdikcə, yaşa dolduqca, ümidlər tükəndikcə insan necə bir faciə içində olduğunu anlayır.
Yaşlıların “qaçaqaç”, tarixçilərin mühacirət dövrü dedikləri bu həyat mərhələsi son yüz ildə rus və erməni zülmünə məruz qalmış Azərbaycan türklərinin bir alın yazısına çevrilib.
Yüzlərlə mühacirətə dair mənbəni oxumuş biri kimi mühacirliyin necə ağır bir mərhələ olduğunu bilirdim. Amma biz daha çox siyasilərin, yazarların, bir sözlə daha güclü insanların mühacir fəaliyyəti ilə tanışıq. Onların ölənədək rus istilasına qarşı mübarizə aparmaları bizə nə qədər heyranlıq bəxş etsə də, siyasi fəaliyyətin arxasındakı şəxsi faciələri görə bilmirik. Məsələn, Rəsulzadə mühacirətdə 24 yaşlı oğlunun repressiyaya məruz qalıb şəhid olduğunu öyrənərkən hansı hissləri keçirib?
Dəmir pərdə endikdən sonra arası kəsilən məktublar, yurdda qalan doğmalardan xəbərsizlik nə cür bir əzab yaşadıb?
***
“Qafqaza qayıtmağım lazımdır!”
2017-ci ildə Türkiyədə “Vadi” yayınlarında Neşe Kutlutaş imzası ilə çıxan “Kayıp Topraklar” adlı kitabdakı hekayə qəhrəmanlarından birinin arzusu idi bu. İtirilmiş Qafqazın həsrətində olan bir insanın həyatdakı ən böyük arzusu idi. 3 bacısını və atasını tərk edib yurduna dönən, amma təkrar ailəsinin yanına gələrkən iki bacısı və atasını donaraq vəfat etmiş, sonuncu bacısını isə onların məzarları üstündə ağlayarkən tapan bir qafqazlının hekayəsi. Qafqaza dönə bilsə də, geriyə dönən insan onu unutmuşdu ki, “insanın yanında sevdikləri olmadan yaşadığı hər yer qürbətdi”.
Neşe Kutlutaşın kitabında gerçək həyat hadisələrindən ibarət 17 hekayə yer alıb. Valideynlərindən və yaşlı insanlardan eşitdiyi, özünün şahid olduğu mühacir hekayələri faciənin nə qədər ağrılı olduğunu hiss etdirir. Ona görədir ki, Neşe xanım kitabının girişində yazır: “Bu insanlıq hekayələri bir az daha insan ola bilməyimiz üçün böyük bir fürsətdir...”.
Kitabın ilk nəşri 2002-ci ildə çıxıb. Hekayələrin hər birinin əvvəlində Məhəmməhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından hissələr verilib, sonda isə şairin həyat hekayəsi təqdim olunub.
1917-ci il inqilabından sonra Qafqazda yaşanan xaos və 1920-ci il istilasının ardınca qətliamdan xilas olmaq istəyən yüzlərlə ailə Qafqazdan Anadoluya köç edir. Köç zamanı bəziləri ailələrini yolda qeyb edir, bəziləri illərlə özlərini qonşu deyə yaxın hesab edən ermənilər tərəfindən öldürülür, bəziləri isə Anadoluya çatsalar da, itirdiklərinin ağrı və acısını ölənədək unutmurlar.
“Kayıp Topraklar” kitabındakı hekayələr bu ailələrin yaşadıqları faciələrdir.
Qardaşı Həsənin erməni “dostları”nın öldürməsindən sonra Sura bibinin yaşadığı faciələr, Zivər xalanın almas sırğalarının hekayəsi, Hümmət dayının sandığa gizlədiyi sevgisi, itmiş övladını axtaran qubalı Balabanın əsrarəngiz həyatı, anası ilə qaçqınlığın ağrısını birgə yaşayan Cavanşirin dünyası, dağlara çıxan Mamoşun həccdən sonrakı yaşamı və s... Bir-birindən maraqlı bu həyat hekayələrinin ortaq bir tərəfi var: İtirilmiş Qafqazın həsrəti...
.jpg)