BAKI, 20 may. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl yenidən namizədlik müzakirəsini qızışdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Haber7” yazıb.

CHP təmsilçisi, hazırda həbsdə olan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədlik ehtimalının zəiflədiyinə diqqət çəkən mənbə Özgür Özəldən sitat gətirib: “Mən baş məşqçiyəm, komandada iki hücumçu var”.

CHP liderinin “iki hücumçu” dediyi şəxslərdən biri Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın namizədlik üçün ən güclü fiqur olduğunu vurğulayıb.

Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmasına qərar verilən ilkin seçkilərdə Mansur Yavaş iştirak etməmişdi. İmamoğlunun həbsindən əvvəl Yavaş namizədlik iddiasını davam etdirsə də, 2025-ci il martın 19-da keçirilən ilkin seçkilərdən sonra bu istəyini dondurduğunu açıqlamışdı.

Özgür Özəlin son günlər etdiyi çıxışlardan sonra Yavaşın adı namizədlik üçün daha çox hallandırılmağa başlayıb. Bir neçə gün əvvəl Özəlin sosial mediada həm İmamoğlunu, həm də Yavaşı paylaşımında işarələməsi diqqət çəkmiş və bu, Ankara bələdiyyəsinin sədri üçün namizədlik siqnalı kimi şərh olunmuşdu. Ardınca verdiyi açıqlamada Özəlin “namizədlərimiz var” ifadəsi diqqət çəkmişdi.

CHP sədri Balıkəsirdəki mitinq zamanı da “İmamoğlunun yerinə namizədlərimiz ola bilər” mesajı vermişdi. “Haber7” Özgür Özəlin Əkrəm İmamoğlunun davam edən məhkəmə proseslərində iştirakını azaldığını da yazıb. Qeyd edilib ki, Apellyasiya Məhkəməsinin İmamoğlunun diplomunun ləğvi ilə bağlı müraciəti rədd etməsi də, CHP daxilində İmamoğlunun namizədliyinə ümidinin qalmadığı yönündə şərhlərə səbəb olub.

Özgür Özəl bu dəfə namizədliklə bağlı CHP-nin 19 may yürüşündə danışıb:

“Bu prosesdə mən, Əkrəm İmamoğlu və Mansur Yavaş üzərimizə düşəni yerinə yetirəcəyik. Gənclərin önünü açacaq və qazi Mustafa Kamal Atatürkün dediyi kimi, cümhuriyyəti gənclərə əmanət edəcəyimiz proses yaşayacağıq”.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək.