BAKI, 20 may. TELEQRAF
Bir tərəfdən sənaye ilə birbaşa işləyərək resurs və enerji səmərəliliyini artırmağa çalışırıq.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji sistemləri və sənayenin dekarbonizasiyası bölməsində sənaye inkişafı üzrə eksperti Marijan Gajsak WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, digər tərəfdən isə şəhər səviyyəsində layihələr üzərində işləyirik. Bu da siyasət məsələsini ön plana çıxarır — yəni iki istiqamətli yanaşma mövcuddur:
"Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, inteqrasiya çox vacibdir. Plastik çirklənməsi məsələsi ayrıca deyil, ümumi tullantı idarəetmə sisteminin və daha geniş dayanıqlı şəhər strategiyasının bir hissəsi olmalıdır. Təkcə plastik çirklənməyə yönəlmiş layihələr, daha geniş investisiya və siyasət planı ilə birləşdirilməsə, o qədər də effektiv olmur.
Siyasətlərə gəldikdə isə “hamıya uyğun bir model” yoxdur. Hər şey yerli şəraitdən, icmanın ehtiyaclarından və kontekstdən asılıdır. Bir yerdə işləyən model başqa yerdə işləməyə bilər.
Məsələn, bəzi şəhərlərdə depozit-geri qaytarma sistemi tətbiq olunur və bu, plastik tullantıların azaldılmasında effektiv olur. Amma eyni zamanda bu, qeyri-rəsmi tullantı toplayıcıları üçün yeni sosial problemlər yarada bilər. Yəni bir problemi həll edərkən başqa bir problem ortaya çıxa bilər.
Digər bir nümunə isə “ödədikcə at” sistemidir — yəni yalnız çeşidlənməmiş tullantıya görə ödəniş edilir. Amma əgər bu siyasət lazımi infrastruktur olmadan tətbiq olunarsa, əks effekt yarada bilər. İnsanlar öz davranışlarının nəticəsini görmədikdə sistem işləməyə bilər və bu da ciddi problemlər yaradar.
Ona görə də bütün bunlar nəzərə alınmalıdır. Yalnız siyasət deyil, onun arxasında maliyyə və infrastruktur da olmalıdır. Əks halda bu yanaşma əks nəticə verə bilər".