BAKI, 20 may. TELEQRAF
Biz əlçatan mənzil ekosistemini bütöv bir sistem kimi qurmalıyıq.
Teleqraf xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Şəhərsalma Sektoru Ofisinin Direktoru Srinivas Sampath WUF13 çərçivəsində keçirilən panel müzakirəsində çıxışında bildirib.
O qeyd edib ki, bu yanaşma üç əsas istiqaməti əhatə edir:
“Birincisi, təklif tərəfidir (supply side): mənzil təklifini necə artıra bilərik? Bunun üçün düzgün şəhər planlama alətləri və urban məkanın düzgün təşkili vacibdir ki, real olaraq daha çox əlçatan mənzil yaradıla bilsin. Məsələn, nəqliyyat layihələri hazırlanarkən tranzit-yönümlü inkişaf vasitəsilə əlçatan mənzil təklifini artırmaq mümkündür.
İkincisi, tələb tərəfidir (demand side): əhalinin ən aşağı gəlir qruplarına maliyyə çıxışını necə təmin edirik? Xüsusilə Asiya-Sakit okean regionunda gördüyümüz kimi, böyük bir qrup insanlar ümumiyyətlə mənzil almağa, yəni “mülkiyyət pilləsinə” çıxmağa imkan tapmır. Buna görə də kirayə mənzil çox vacib alternativə çevrilir.
Asiyada ciddi miqrasiya prosesi gedir – insanlar ölkə daxilində iş imkanlarının olduğu yerlərə köçürlər və bu səbəbdən hər kəsin ev sahibi olmaq istəyi olmur. Buna görə keyfiyyətli kirayə mənzil artıq çox vacib bir aktiv sinfi kimi formalaşır və hətta özəl kapital və investisiya fondları tərəfindən maraq görməyə başlayır. Biz də hesab edirik ki, kirayə mənzil sahəsində özəl sektor həlləri çox vacibdir.
Üçüncü mühüm istiqamət isə daha az işlənmiş bir sahədir: xeyriyyəçi kapitalın (philanthropic capital) prosesə cəlb olunması. Xeyriyyə təşkilatları kapital strukturunda çox vacib rol oynaya bilər – məsələn, bəzi hallarda “ilk zərər (first loss)” riskini qarşılayaraq özəl sektor investisiyalarını mümkün edə bilərlər.
Biz anlayırıq ki, özəl sektor bütün həlləri təmin edə bilməz, amma beynəlxalq maliyyə institutları birlikdə işləyərək bütöv bir ekosistem yarada bilər. Risklərin azaldılması vasitəsilə daha yaxşı hazırlanmış, “bankable” (maliyyələşdirilə bilən) layihələr formalaşdırmaq və nəticədə daha çox kapital cəlb etmək mümkündür”.