BAKI, 26 oktyabr. TELEQRAF

İraq təhlükəsizlik qüvvələri PKK terror təşkilatının Sincardakı qanadı “Şanqal Müqavimət Birlikləri”ndən (ŞMB) bəzi hərbi mövqeləri təhvil alıb.

Teleqraf xəbər verir ki, bu barədə İraq baş nazirinin hərbi sözçüsü Sabah ən-Numan bildirib.

O qeyd edib ki, ŞMB ilə İraq təhlükəsizlik qüvvələri arasındakı hərbi əlaqələrin yenidən tənzimlənməsinə dair tədbirlər bu gün həyata keçiriləcək və həmin təşkilat təhlükəsizlik qurumlarına inteqrasiya olunacaq.

Numan deyib ki, bu addım çərçivəsində Sincar dağında təhlükəsizliyə görə məsuliyyət federal hökumətin səlahiyyətli orqanlarına təhvil veriləcək. O, bu addımın İraq hökumətinin silahların dövlətin nəzarəti altında cəmləşdirilməsinə yönəlmiş proqramı və siyasəti çərçivəsində atıldığını qeyd edib.

O, İraq Konstitusiyasının silahlı qüvvələrdən başqa hərbi qrupların yaradılmasını qadağan etdiyinə diqqət çəkib.

Numanın açıqlamasından sonra İraq hökumətinə bağlı Media Təhlükəsizliyi Şəbəkəsi Sincardakı hərbi mövqelərin İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesinin başladığını açıqlayıb. Bəyanatda qeyd olunub ki, İraq təhlükəsizlik qüvvələri Sincardakı bir sıra mühüm hərbi mövqeləri terror təşkilatı ŞMB-dən təhvil alıb.