BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycanla ortaq tarixi irsimiz xalqlarımızı birləşdirir.

Teleqraf xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bu gün Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.

Diplomat qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir iki ölkənin mənəvi yaxınlığını, ortaq tarixi köklərini və gələcəyə dair ümumi məqsədlərini əks etdirir:

“Böyük İpək Yolu əsrlər boyu xalqlar arasında bilik və mədəniyyət mübadiləsinə şərait yaradıb. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, İbn Sina və Mirzə Uluqbəy kimi görkəmli şəxsiyyətlərin irsi dünya sivilizasiyasının qiymətli sərvətidir”.

B.Aşrafxanov Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin əhəmiyyətini də vurğulayıb:

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılan mərkəz ölkənin tarixi irsini dünyaya tanıtmağa, elmin və təhsilin inkişafına töhfə verməyə xidmət edir”.