BAKI, 26 oktyabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Enerqiya” zavodunu vurub. Müəssisə aviasiya bombaları, dəniz bazalı qanadlı raketlər və “İskəndər-M” operativ-taktiki raket kompleksləri üçün enerji batareyaları istehsal edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücumdan sonra zavodda yanğın baş verib.

Baş Qərargah qeyd edib ki, “Enerqiya” aviasiya bombalarının planlaşdırma və korreksiya modulları üçün batareyaların yeganə istehsalçısıdır. Müəssisə həmçinin “İskəndər-M” operativ-taktiki raket kompleksləri və dəniz bazalı qanadlı raketlər üçün batareyalar istehsal edir.

Rusiyanın Oryol şəhərində yerləşən “Proton-Elektrotex” müəssisəsinin mikrosxem istehsal edən əsas sexinin məhv edildiyi, müəssisənin binasının və serverlərinin zədələndiyi də təsdiqlənib.