BAKI, 26 oktyabr. TELEQRAF

Ukraynanın Azərbaycandakı səfirliyi "Həmrəylik enerjisi" layihəsi çərçivəsində Ukrayna üçün 20-yə yaxın elektrik generatoru verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev müəllif məqaləsində bildirib.

Onun sözlərinə görə, qış mövsümünün yaxınlaşması ilə Ukraynanın şəhər və regionları Rusiya ilə davam edən münaqişə səbəbindən enerji sahəsində çağırışlarla üzləşir.

Qusev qeyd edib ki, "Həmrəylik enerjisi" layihəsi bu il başlayıb.

"Biz artıq (layihə çərçivəsində - red.) təxminən 20 generator toplamışıq. Onların hər birinin arxasında bir insanın laqeyd qalmaması, biznesin məsuliyyətli yanaşması və ya təşkilatın bu gün Ukraynada buna ən çox ehtiyacı olanlara kömək etmək istəyi dayanır", - səfir qeyd edib.

Diplomat həmçinin Azərbaycanın ali rəhbərliyinə, hökumətinə və xalqına Ukraynaya göstərilən əhəmiyyətli enerji yardımına görə minnətdarlığını ifadə edib.

"Azərbaycanın ötürdüyü enerji avadanlığı, xüsusilə transformatorlar, elektrik panelləri və naqillər zədələnmiş enerji infrastrukturunun bərpasına, Ukrayna icmalarına elektrik təchizatının qaytarılmasına və enerji sistemimizin yeni çağırışlar qarşısında dayanıqlığının gücləndirilməsinə kömək edir. Biz dövlətimiz üçün son dərəcə çətin olan bu dövrdə Azərbaycanın bu dəstəyini və Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk", - Qusev vurğulayıb.

O həmçinin vurğulayıb ki, səfirlik Ukraynaya humanitar dəstəyin təşkilini davam etdirmək niyyətindədir, çünki qış mövsümü ərəfəsində avtonom elektrik enerjisi mənbələrinə ehtiyac kəskin olaraq qalır.