BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ və İsrailin hücumları yenidən başlayacağı təqdirdə, İran Amerikanın hərbi bazaları və döyüş gəmiləri ilə yanaşı, Bəsrə körfəzi ölkələrinin hava limanları, neft kəmərləri və digər iqtisadi-mülki infrastrukturu da hədəfə alacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran rəsmilərinə istinadla “Wall Street Journal” məlumat yayıb.

İran rəsmiləri ABŞ qüvvələrinə daha intensiv zərbələr endirməklə, Yaxın Şərqdə Amerikaya məxsus hərbi gəmiləri batırmağa və onların heyət üzvlərini öldürməyə çalışacaqları ilə də hədələyiblər.

Analitiklər İranın hələ də minlərlə ballistik raketə malik olduğunu ehtimal edirlər.

ABŞ və region rəsmiləri də hesab edirlər ki, İran ehtiyatda saxlanılan hissələrdən və yeraltı obyektlərdəki imkanlarından istifadə etməklə ballistik raketlərin məhdud həcmdə istehsalını bərpa edib.