BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycanla Özbəkistan arasında mənəvi yaxınlıq daha da möhkəmlənir.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov bu gün Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.

B.Nəcəfov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şeyxülislam Allahşükür Paşazadə ilə görüşünün və ona ölkənin ali təltiflərindən biri olan “Dostluq” ordeninin təqdim edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu mükafat şeyxülislamın dinlər və mədəniyyətlərarası dialoqun inkişafına, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə yüksək ehtiramın ifadəsidir”.

QMİ sədrinin müavini Özbəkistana səfəri zamanı ölkənin zəngin İslam tarixinə, mədəni irsinə və milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqətin onda dərin təəssürat yaratdığını bildirib.

O, bunun Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini deyib.